BİZİMLƏ ƏLAQƏ
  
“2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı
 
1. Giriş
 
  • Azərbaycan Respublikasında son illər aparılan iqtisadi islahatlar azad bazar münasibətləri əsasında fəaliyyət göstərən iqtisadi sistemin bərqərar olmasını təmin etmişdir. Bazar iqtisadiyyatının fundamental institutları, o cümlədən, yeni iqtisadi münasibətləri təsbit edən qanunvericilik bazası, bu münasibətlərin tənzimlənməsini həyata keçirən dövlət təsisatları və yeni iqtisadi sistemin əsas subyektləri olan fərdi sahibkarlar təbəqəsi formalaşmışdır. Bu dövrdə qiymət və məzənnə siyasəti liberallaşdırılmış, geniş miqyaslı özəlləşdirmə proqramı həyata keçirilmiş və bütövlükdə sahibkarlıq fəaliyyəti üçün əlverişli mühit, makroiqtisadi sabitlik və ölkənin yüksək investisiya cəlbediciliyi təmin edilmişdir.
  • Nəticədə, son 10 il ərzində ölkənin ümumi daxili məhsulu təxminən 9 dəfə, ixracat 15 dəfədən çox, strateji valyuta ehtiyatları 31 dəfə artmış, yüz minlərlə yeni iş yeri açılmış, yoxsul əhalinin nisbi sayı 5 dəfədən çox azalmışdır.
  • Bu dövrdə, həmçinin səmərəli maliyyə sektorunun formalaşması və institusional inkişafı istiqamətində əhatəli islahatlar həyata keçirilmiş, bu sektorda idarəetmə, nəzarət və tənzimləmə beynəlxalq standartlara uyğun təkmilləşdirilmiş və nəticədə, bankların rəqabət qabiliyyəti əhəmiyyətli dərəcədə yüksəlmişdir.
  • Təkcə onu demək kifayətdir ki, son 10 il ərzində, bank aktivləri 15, əhalinin əmanətləri 36, iqtisadiyyata kredit qoyuluşları isə 19,6 dəfə çoxalmışdır.
  • Maliyyə sisteminin mühüm sahəsi kimi qiymətli kağızlar bazarının inkişafı da daim diqqət mərkəzində olmuş, bu sahədə mütərəqqi hüquqi və təşkilati tədbirlər həyata keçirilmişdir. Qiymətli kağızlar bazarında zəruri normativ hüquqi baza və tənzimləmə mexanizmləri, ticarət, klirinq və hesablaşma sistemləri, maliyyə vasitəçiliyi institutları yaradılmışdır.
  • Son 5 ildə mütəşəkkil qiymətli kağızlar bazarında ticarət dövriyyəsi 4,3 dəfə, o cümlədən, dövlət istiqrazları ilə ticarətin həcmi 6,7 dəfə, korporativ istiqrazlar ilə əməliyyatların həcmi 54 dəfə artmışdır. Bütövlükdə, qiymətli kağızlar bazarı ümumi iqtisadi artımı üstələyən artım nümayiş etdirmiş və Bakı Fond Birjasının ticarət dövriyyəsinin qeyri-neft ümumi daxili məhsuluna nisbəti 41% artaraq 12,1%-ə yüksəlmişdir.
  • Həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının, o cümlədən, xarici təsirlərə daha həssas olan maliyyə sektorunun dayanıqlılığı təmin olunmuşdur. Son onilliklərin ən dərin maliyyə-iqtisadi böhranı şəraitində belə ölkə iqtisadiyyatının dinamik inkişafı davam etmişdir. Maliyyə sektorunun sabitliyi, yüksək kapitallaşma dərəcəsi və likvidlik qorunub saxlanmışdır. Təsadüfi deyil ki, bu nəticələr beynəlxalq maliyyə institutları tərəfindən də tanınmış və ölkə tarixində ilk dəfə investisiya reytinqi əldə edilmişdir.
  • Hazırda ölkəmiz daha yüksək sosial-iqtisadi dirçəliş mərhələsinə qədəm qoymaqdadır. Artıq inzibati-amirlik üsul-idarəsinə söykənən formasiyadan yeni, azad sahibkarlıq və bazar münasibətlərinə əsaslanan sosial-iqtisadi quruluşa keçid tamamlanmışdır. Bu gün başlıca hədəf kimi bərqərar olmuş yeni iqtisadi sistemin daha da yetkinləşməsi gündəlikdədir.
  • Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş bazar münasibətləri modeli üçün şaxələnmiş maliyyə sektoru və xüsusən də, yüksək səmərə ilə fəaliyyət göstərən qiymətli kağızlar bazarının mövcudluğu zəruridir. Qiymətli kağızlar bazarının keyfiyyətcə yeni səviyyəyə qaldırılması iqtisadiyyatın tənzimlənməsi imkanlarını genişləndirir, maliyyə resurslarının real sektora cəlb edilməsini və sahələrarası sərmayə axınlarını asanlaşdırır, həmçinin, korporativ idarəetmə, təsərrüfat fəaliyyətində şəffaflığın artırılması kimi zəruri tələblər irəli sürməklə bütövlükdə iqtisadi sistemin daha səmərəli fəaliyyətini təmin edir.
  • Ölkəmizdə iqtisadi inkişafın müasir mərhələsi iqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxış imkanlarının daha da genişləndirilməsini nəzərdə tutur. Bu məqsədlə büdcədən maliyyələşmə və kredit vəsaitləri hesabına maliyyələşmə mənbələri ilə bərabər daha ucuz, inflyasiya yaratmayan və uzunmüddətli mənbə kimi yığımların birbaşa investisiyalara transformasiyasını təmin edən kapitallaşma mexanizmləri daha da inkişaf etdirilməli və təkmilləşdirilməlidir.
  • Bununla yanaşı, investisiya prosesinin kütləviliyinin təmin edilməsi, kiçik və orta ölçülü iqtisadi subyektlərə və əhaliyə öz yığım vəsaitlərini iqtisadiyyata qoymaq imkanlarının təqdim edilməsi, fond bazarının ölkə əhalisinin orta təbəqəsini genişləndirmək kimi vacib sosial əhəmiyyətini ön plana çəkir.
 
2. Məqsəd və vəzifələr
 
  • “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının (bundan sonra – Dövlət Proqramı) başlıca məqsədi müasir, beynəlxalq standartlara uyğun, iqtisadiyyata geniş kapitalizasiya imkanları təqdim edən və risklərin etibarlı idarə edilməsini təmin edən, yüksək səmərə ilə fəaliyyət göstərən qiymətli kağızlar bazarının formalaşdırılmasıdır.
  • Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:
  • - qiymətli kağızlar bazarının tənzimlənməsi mexanizmlərinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, qiymətli kağızlar bazarının institusional inkişaf səviyyəsinin yüksəldilməsi və onun beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi;
  • - ölkə iqtisadiyyatında kapitallaşma dərəcəsinin yüksəldilməsinə nail olunması, iqtisadi layihələrin maliyyələşdirilməsində qiymətli kağızlar bazarı vasitəsilə cəlb olunan qeyri-inflyasiya mənşəli investisiya vəsaitlərindən istifadənin genişləndirilməsi;
  • - iqtisadi subyektlərin və əhalinin yığımlarının fond bazarında səmərəli yerləşdirilməsi üçün investisiyaların qorunduğu və risklərin etibarlı idarə olunduğu müvafiq şəraitin yaradılması;
  • - ölkənin qiymətli kağızlar bazarının tədricən beynəlxalq kapital bazarlarına inteqrasiya olunması üçün müvafiq şəraitin formalaşdırılması.
  • Dövlət Proqramı çərçivəsində qiymətli kağızlar bazarının inkişafı üçün müəyyən olunmuş vəzifələrin mərhələlərlə həyata keçirilməsi reallaşdırılacaqdır.
  • Birinci mərhələdə qiymətli kağızlar bazarının infrastrukturunun müasirləşdirilməsi, bu məqsədlə normativ hüquqi bazanın təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, habelə qiymətli kağızlar bazarında insan kapitalının inkişafı üçün zəruri imkanların yaradılması nəzərdə tutulur. Ölkənin qiymətli kağızlar bazarının əhəmiyyətli dərəcədə optimallaşdırılmasına istiqamətlənmiş bu mərhələnin 2011–2014-cü illəri əhatə etməklə Dövlət Proqramının ilk 4 ili ərzində tamamlanması planlaşdırılır.
  • İkinci mərhələdə, qiymətli kağızlar bazarında əməliyyatların tam avtomatlaşdırılması və konsolidə edilməsi, eyni zamanda, yeni alət və xidmətlərin təqdim olunması üçün zəruri bazanın formalaşdırılması nəzərdə tutulur. 2015–2017-ci illər daxil olmaqla Dövlət Proqramının növbəti 3 ilini əhatə edəcək bu mərhələdə geniş avtomatlaşdırma vasitəsilə maliyyə xidmətlərinin regional əhatə dairəsinin artırılmasına da nail olunacaqdır.
  • Üçüncü mərhələdə, yeni və daha mürəkkəb alət və xidmət növlərinin bazara təqdim edilməsi ilə qiymətli kağızlar bazarının dərinliyinin artırılması, eyni zamanda sistem risklərinin səmərəli idarə edilməsi mexanizmlərinin yaradılması nəzərdə tutulur. Dövlət Proqramının son 3 ilini (2018–2020-ci illər) əhatə edəcək bu mərhələnin tamamlanması ilə Azərbaycan kapital bazarları beynəlxalq maliyyə bazarlarına inteqrasiyaya hazır olacaqdır.
 
3. Dövlət Proqramının əsas istiqamətləri
 
  • Qiymətli kağızlar bazarının inkişafı üçün müəyyən olunmuş məqsəd və vəzifələrin əlaqələndirilmiş şəkildə aşağıdakı əsas istiqamətlərdə həyata keçirilməsi nəzərdə tutulur.
 
3.1. Qiymətli kağızlar bazarının institusional inkişafı
 
  • Dövlət Proqramı çərçivəsində qiymətli kağızlar bazarı yeni təşkilati, texniki və kapital tələblər əsasında təkmilləşdiriləcək, çevik və səmərəli kapital bazarı institutlarının fəaliyyəti təmin ediləcəkdir.
  • Fond birjasının ticarət imkanlarının genişləndirilməsi həyata keçiriləcək, onun müxtəlif maliyyə alətləri ilə ticarət imkanları təqdim edən vahid instituta çevrilməsi məqsədilə zəruri hüquqi və təşkilati tədbirlər görüləcəkdir.
  • Həmçinin, ticarət sisteminin avtomatlaşdırılması prosesləri başa çatdırılacaqdır.
  • Qiymətli kağızların depozitar-uçot sistemi, o cümlədən, qiymətli kağızlar və onlar üzərində hüquqların qeydiyyatı mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə Milli Depozit Mərkəzinin bazasında dövlət və korporativ qiymətli kağızların mərkəzi depozitar sistemi yaradılacaq, qiymətli kağızların və onlar üzərində hüquqların qeydiyyatı sistemi sadələşdiriləcəkdir. Qiymətli kağızların girovla yüklənməsinin mərkəzi depozitar sistemi vasitəsilə həyata keçirilməsi mexanizmi tətbiq olunacaqdır.
  • Qiymətli kağızlarla ticarətin səmərəliliyinin artırılması və risklərin azaldılması məqsədilə qiymətli kağızların ticarəti üzrə mərkəzləşdirilmiş klirinq sistemi yaradılacaq və onun elektron ödəniş sistemlərinə inteqrasiyası təmin ediləcəkdir.
  • Dövlət Proqramının ikinci mərhələsində qiymətli kağızlar bazarında vahid elektron platformanın formalaşdırılması başa çatdırılacaq. Bununla da ticarət, klirinq-hesablaşma, depozitar uçot prosedurlarının tam avtomatlaşdırılması və konsolidə edilməsi əməli olaraq həyata keçiriləcəkdir.
  • Qiymətli kağızlar bazarının inkişaf xəttinə uyğun olaraq, klirinq fondu, investorların kompensasiya fondu kimi institutların yaradılması planlaşdırılır ki, bu da qiymətli kağızlar bazarının ticarət və hesablaşma sistemlərinin dayanıqlılığının təmin edilməsinə və risklərin etibarlıidarəedilməsi üçün zəruri mexanizmlərin formalaşmasına xidmət edəcəkdir.
  • Bazarın əməliyyat infrastrukturunun köklü surətdə təkmilləşdirilməsi və avtomatlaşdırılması vasitəsilə kapital bazarı xidmətlərinin coğrafi əhatəsinin və bu xidmətlərə çıxış imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi təmin olunacaqdır.
 
3.2. Maliyyə vasitəçiliyi fəaliyyətinin və kollektiv investisiya sxemlərinin təşkili və təşviqi
 
  • Proqramda nəzərdə tutulmuş tədbirlər çərçivəsində müasir maliyyə vasitəçilərinin - investisiya şirkətlərinin, aktivlərin idarəedilməsi şirkətlərinin və kastodian təsisatlarının formalaşması üçün zəruri hüquqi və təşkilati mexanizmlər formalaşdırılacaqdır. Maliyyə vasitəçiləri tərəfindən broker, diler, investisiya təhlili, anderraytinq və digər əlaqədar funksiyaların kompleks şəkildə həyata keçirilməsi üzrə fəaliyyət təşviqləndiriləcəkdir.
  • Sərmayələrin peşəkar idarə olunmasının və fərdi yığımların səmərəli investisiyalara yönləndirilməsinin təmin edilməsində institusional investorların fəaliyyəti mühüm rol oynayır. Bununla əlaqədar olaraq, investisiya fondları və digər kollektiv investisiya sxemlərinin səmərəli fəaliyyət mexanizmlərinin formalaşdırılması üzrə tədbirlər həyata keçiriləcəkdir.
  • Bununla bərabər, bank və sığorta şirkətlərinin qiymətli kağızlar bazarında fəal iştirakını təşviq edən prudensial tələblər müəyyənləşdirilərək tətbiq olunacaqdır.
  • Daşınmaz əmlak sektorunda fəallığın dayanıqlı şəkildə təmin olunmasına xidmət edən kapital bazarı mexanizmlərinin, o cümlədən, daşınmaz əmlak investisiya fondlarının fəaliyyətinin təşviqi, habelə bu sahədə mövcud bazar alətlərinin (mənzil sertifikatları, ipoteka istiqrazları və sair) səmərəliliyinin artırılması üçün əlavə tədbirlər görüləcəkdir.
  • Orta müddətli perspektivdə sığorta-pensiya sistemində əmək pensiyalarının yığım hissəsinin fəallaşdırılması, yığım əsaslı pensiya fondlarının yaradılması və yığımların kapital bazarlarına investisiya imkanlarının genişləndirilməsi reallaşdırılacaqdır.

3.3. Qiymətli kağızlar bazarında tələb və təklifin dəstəklənməsi
 
  • Qiymətli kağızlar bazarının səmərəli fəaliyyət göstərməsi üçün fond bazarında ticarətin artırılması və bunun üçün əlverişli mühitin yaradılması, mövcud kapital bazarı alətlərindən istifadənin genişləndirilməsi, yeni maliyyə alətlərinin buraxılışının təşviqi tələb olunur.
  • Müasir kapital bazarının formalaşması ilk növbədə dövlət istiqrazlarının likvid və dərin bazarının təmin edilməsi ilə bağlıdır. Bu istiqamətdə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, monetar və fiskal siyasət alət və vasitələrindən optimal şəkildə istifadə olunması, o cümlədən, ilkin mərhələdə dövlət qiymətli kağızlarının likvidliyinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
  • Qiymətli kağızlar bazarında ticarətin genişləndirilməsi məqsədilə qiymətli kağızlar bazarlarından maliyyələşməyə hazır olan bir sıra dövlət müəssisələrinin qiymətli kağızlarının fond birjasında təklif edilməsi və bunun üçün müvafiq hüquqi və təşkilati mexanizmlərin yaradılması nəzərdə tutulur. Həmçinin, özəl sektora dövlət maliyyə dəstəyinin fond bazarı alətləri ilə göstərilməsi, dövlət xətti ilə sərmayələrin qoyulmasında fond birjasında kotirovka olunan şirkətlərə üstünlük verilməsi və sərmayələrin çıxış dəyərinin kapital bazarı alətləri ilə müəyyənləşdirilməsi həyata keçiriləcəkdir.
  • Kiçik və orta sahibkarlığın kapital bazarlarından maliyyələşməsi imkanlarının artırılması məqsədilə Bakı Fond Birjasında alternativ ticarət platforması yaradılması nəzərdə tutulur.
  • Bütün bunlarla bərabər, fond birjasında təqdim edilən investisiya alətlərinin çeşidinin artırılması və fərdi investorların bazara marağının təmin edilməsi məqsədilə xarici fond bazarlarında ticarət olunan qiymətli kağızların yerli bazarda, habelə yerli qiymətli kağızların xarici kapital bazarlarında təklif edilməsi, bunun üçün müvafiq hüquqi və təşkilati tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
  • Qiymətli kağızlar bazarında yüksək rəqabət gücünə malik maliyyə alətlərinin təklifinin genişləndirilməsi, xarici investorların Azərbaycan qiymətli kağızlar bazarına marağının artırılması məqsədilə infrastruktur layihələrinin fond bazarı alətləri ilə maliyyələşdirilməsi təcrübəsinin tətbiq olunması, müxtəlif borc kağızlarının və müddətli kontraktların ticarəti mexanizmlərinin də yaradılması nəzərdə tutulur. Kapital bazarlarının səmərəli fəaliyyəti, özəl sektorun kapital bazarlarından maliyyələşmə və bütövlükdə investisiya imkanlarının genişlənməsi üçün əlverişli vergi mühitinin mövcudluğu mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, qiymətli kağızlar bazarında vergiyə cəlb olunma şərtlərinin qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, o cümlədən, qiymətli kağızlardan əldə edilən investisiya gəlirlərinə, qiymətli kağızların alqı-satqısından əldə olunan gəlirlərə vergi güzəştlərinin tətbiq olunması gündəlikdə olacaqdır. Həmçinin, investisiya fondlarının fəaliyyətini, şirkətlərin fond birjasının listinqinə çıxmasını təşviq edən əlverişli fiskal şəraitin yaradılması nəzərdə tutulur.

3.4. Maliyyə şəffaflığı prinsiplərinin və korporativ idarəetmənin tətbiqinin genişləndirilməsi
 
  • Kapital bazarlarının yetkinləşməsi və ucuz və uzunmüddətli maliyyələşmə vasitələrindən faydalanmaq imkanlarının yaradılması şirkətlərdə qabaqcıl maliyyə hesabatlığı və idarəetmə standartlarının tətbiqinin genişləndirilməsi ilə birbaşa bağlıdır. Bunu nəzərə alaraq, maliyyə şəffaflığı və korporativ idarəetmə prinsiplərinin yayılması prioritet istiqamət olaraq qiymətli kağızlar bazarının iştirakçılarını, maliyyə vasitəçisi qismində çıxış edən investisiya şirkətlərini və müxtəlif növ kollektiv investisiya fondlarını əhatə etməlidir.
  • Bununla yanaşı, maliyyə hesabatlığının beynəlxalq standartları və korporativ idarəetmə təcrübəsinin tədricən və planlı şəkildə korporativ sektorda, o cümlədən, iri dövlət müəssisələrində genişləndirilməsi üçün tədbirlər həyata keçiriləcəkdir.
  • Maliyyə şəffaflığının artırılması məqsədilə qiymətli kağızlar bazarında audit tələbləri təkmilləşdiriləcək. Eyni zamanda qiymətli kağızlar bazarında audit işini həyata keçirən şirkətlərə dair tənzimləyici tələblər müəyyən ediləcəkdir. Orta müddətli perspektivdə reytinq agentliklərinin yaradılması nəzərdə tutulur ki, bu da qiymətli kağızlar bazarında məlumatların əhatəli açıqlanmasını təmin etməklə şəffaflığın daha da artırılmasına xidmət göstərəcəkdir.

3.5. Qiymətli kağızlar bazarına dair normativ hüquqi bazanın  təkmilləşdirilməsi
 
  • Qiymətli kağızlar bazarının institusional inkişafı, fond bazarı alətlərinin ticarətinin genişləndirilməsi və bütövlükdə kapital bazarlarının fəaliyyətinin yüksək səviyyədə təmin edilməsi bazara dair normativ hüquqi bazanın qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsini tələb edir. İlk növbədə, qiymətli kağızlar bazarı və fond birjasına dair müasir tələblərə uyğun yeni qanunun hazırlanması və qəbul edilməsi vacib əhəmiyyət kəsb edir.
  • Bununla yanaşı, qiymətli kağızların buraxılışı və qeydiyyatı, ilkin və təkrar bazarda qiymətli kağızlarla aparılan əməliyyatların adekvat tənzimləməsi məsələləri diqqət mərkəzində olacaq. Qiymətli kağızların ədalətli bazar dəyərinin formalaşmasının təmin edilməsi, kapital bazarında hüquqpozmalara qarşı məsuliyyət və cərimə mexanizmlərinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması təmin ediləcəkdir.
  • Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının lisenziyalaşdırılmasının qayda və prosedurları qabaqcıl beynəlxalq standartlar əsasında təkmilləşdiriləcək, maliyyə vasitəçilərinin fəaliyyətinə dair adekvat kapital, risk idarəetməsi və hesabatlıq tələbləri müəyyən ediləcəkdir.
  • Maliyyə vasitəçiləri və emitentlərin məlumatlarının dəqiq, dolğun və vaxtında açıqlanmasını təmin edən vahid elektron nəzarət və hesabatlıq sistemi yaradılacaq. Qiymətli kağızlar bazarında inteqrasiya olunmuş nəzarət və sistem risklərinin etibarlı idarəedilməsi mexanizmləri formalaşdırılacaqdır.
  • Qiymətli kağızlar bazarının dərinləşməsi, onun alət və vasitələrinin çeşidinin genişlənməsi sektorun dövlət tənzimlənməsi mexanizmlərinin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsini tələb edir. Bununla əlaqədar, sektorun dovlət tənzimlənməsi strukturunun təşkilati və funksional cəhətdən gücləndirilməsi təmin ediləcək, kadr potensialının artırılması məqsədilə geniş təlim proqramları, treninq və seminarlar təşkil ediləcəkdir.

3.6. Qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi
 
  • Qiymətli kağızlar bazarının səmərəli fəaliyyət göstərməsi üçün həm maliyyə vasitəçilərinin, həm də potensial emitentlərin və investorların bazar haqqında biliklərinin artırılması, bütövlükdə kapital bazarlarında yüksək peşəkarlığın və məlumatlılığın formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, Dövlət Proqramı çərçivəsində bilik və məlumatların ötürülməsi mexanizmlərinin yaradılması və bu məqsədlərlə əlaqələndirilmiş tədbirlərin görülməsi planlaşdırılır.
  • Qiymətli kağızlar bazarında peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə kapital bazarlarına dair təlim və məsləhət kursları təşkil ediləcək, qiymətli kağızlar bazarı iştirakçıları, o cümlədən, maliyyə vasitəçiləri və emitentlər üçün xüsusi təlim və sertifikat proqramları tədris ediləcəkdir. Belə kurs və proqramlar, eyni zamanda, potensial emitentləri kapital bazarlarından maliyyələşmə proseslərinə hazırlayacaqdır.
  • Orta müddətli perspektivdə orta və ali təhsil müəssisələrinin tədris proqramlarına qiymətli kağızlar bazarı haqqında fənlərin daxil edilməsi və iqtisadi təhsil proqramlarının yeni tələblərə uyğunlaşdırılması da nəzərdə tutulur.
  • Qiymətli kağızlar bazarına dair məlumatlılığın artırılması məqsədilə kütləvi informasiya vasitələrində xüsusi proqramların, məqalə və nəşrlərin yayımlanması təşkil ediləcək, mütəmadi müsabiqə və sorğular keçiriləcəkdir.
  • Yerli və xarici investorlar, habelə akademik və biznes dairələri üçün Azərbaycan kapital bazarlarının imkanlarına dair konfrans, seminar və təlim proqramları təşkil olunacaq, şirkətlərin fəaliyyətində qiymətli kağızların istifadə edilməsini təşviq etmək üçün xüsusi məlumatlandırma proqramları həyata keçiriləcəkdir.

4. Dövlət Proqramının maliyyələşdirilməsi
 
  • Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçiriləcəkdir.
 
5. Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planı
  
Tədbirin adı İcra müddəti İcraçı

1. Qiymətli kağızlar bazarının institusional inkişafı
 
1.1 Fond birjasının hüquqi və təşkilati cəhətdən qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, yeni ticarət sisteminin tətbiqi ilə baza və törəmə maliyyəalətlərinin ticarəti imkanlarının genişləndirilməsi 2011 - 2020 QKDK
1.2. Qiymətli kağızların və onlar üzərində hüquqların qeydiyyatı və uçotu mexanizmlərinin sadələşdirilməsi 2011 - 2013 QKDK
1.3. Dövlət və korporativ qiymətli kağızların vahid mərkəzidepozitar sisteminin yaradılması 2012 - 2014 QKDK
1.4. Qiymətli kağızların girovla yüklənməsi prosedurlarınınoptimallaşdırılması və avtomatlaşdırılması 2012 - 2014 QKDK,MB
1.5. Birjadankənar mütəşəkkil qiymətli kağızlar bazarınınəməliyyat-hesablaşma sistemlərinin klirinq sisteminəinteqrasiya edilməsi 2013 - 2016 QKDK,MB
1.6. Qiymətli kağızlarla ticarət, klirinq-hesablaşma proseslərinin sadələşdirilməsi və optimallaşdırılması, bu sistemlərinin əlaqələndirilməsi və birbaşa emal  prinsipiəsasında inteqrasiya olunmuş elektron ticarət platformasının yaradılması 2013 - 2016 QKDK
1.7. Qiymətli kağızlarla ticarət və hesablaşma sistemlərinin dayanıqlılığının təmin edilməsi və risklərin etibarlıidarəedilməsi sisteminin yaradılması 2016 - 2020 QKDK
1.8. Maliyyə vasitəçiliyi xidmətlərinin regional əhatəsinin vəbu növ xidmətlərə çıxış imkanlarının genişləndirilməsi mütəmadi QKDK
1.9. Bazarın peşəkar iştirakçılarının və maraqlı tərəflərin peşəkar assosasiyalarının yaradılmasının təşviqi 2014 – 2016 QKDK

2. Maliyyə vasitəçiliyi və kollektiv investisiya sxemlərinin fəaliyyətinin
təşkili və təşviqi

 
2.1. İnvestisiya şirkətlərinin fəaliyyətini tənzimləyən zəruri normativ hüquqi bazanın formalaşdırılması və onların fəaliyyətinin təşviqi 2012 – 2013 QKDK
2.2. Aktivlərin idarəedilməsi şirkətlərinin fəaliyyətini tənzimləyən zəruri normativ  hüquqi bazanın formalaşdırılması və onların fəaliyyətinin təşviqi 2011 – 2013 QKDK
2.3. Kastodian fəaliyyəti tənzimləyən zəruri normativ hüquqi bazanın formalaşdırılması 2012 – 2014 QKDK,MB
2.4. İnvestisiya fondları və digər kollektiv investisiya sxemlərinin (daşınmaz əmlak investisiya fondları və s.)  fəaliyyətini tənzimləyən zəruri normativ hüquqi bazanın formalaşdırılması və onların fəaliyyətinin təşviqi 2011 - 2013 QKDK
2.5. Bank və sığorta şirkətlərinin qiymətli kağızlar bazarında aktiv iştirakını təşviq edən prudensial tələblərin müəyyən edilməsi 2011 - 2013 MB, MN,QKDK

3. Qiymətli kağızlar bazarında tələb və təklifin dəstəklənməsi
 
3.1 Dövlət istiqrazlarının stabil, proqnozlaşdırılan ilkin vəlikvid təkrar bazarının formalaşdırılması 2011 - 2013 MN, MB,QKDK
3.2. İndikativ məbləğdə avroistiqrazların buraxılması 2012 MN
3.3. Marketmeyker institutlarının fəaliyyətinin normativ hüquqi bazasının yaradılması və onların fəaliyyətinin təşviqi 2013 - 2015 QKDK
3.4. Kiçik və orta sahibkarlar üçün alternativ birja ticarəti platformasının yaradılması, onların fond bazarından maliyyələşmə imkanlarının artırılması və təşviqi 2012 - 2014 QKDK,İİN
3.5. Xarici fond bazarlarında ticarət olunan qiymətli kağızların yerli bazarda və yerli qiymətli kağızların xarici fond bazarlarında ticarətini tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması və müvafiq ticarət sisteminin tətbiq edilməsi 2013 - 2017 QKDK
3.6. İri dövlət müəssisə və şirkətlərinin fond bazarı vasitəsiləsərmayə cəlb etməsi və listinqinin təşviqi, onlarınqiymətli kağızlarının fond birjasında  ticarətinin təmin edilməsi mütəmadi İİN,ƏMDK,QKDK
3.7. İnfrastruktur layihələrinin maliyyələşdirilməsində fond bazarı alətlərindən istifadənin təmin edilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi mütəmadi İİN, MN,QKDK
3.8. Özəl sektora dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədilə fond bazarı alətlərindən istifadə edilməsi, dövlət tərəfindən özəl şirkətlərin sərmayəsinə edilən investisiyaların dəyərinin fond bazarı vasitəsiləformalaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi mütəmadi İİN,QKDK
3.9. Sekyuritizasiya üzrə normativ hüquqi bazanın yaradılması və müxtəlif baza aktivli qiymətli kağızlarının buraxılışı və ticarətinin təşviqi 2016 - 2020 QKDK
3.10. Qiymətli kağızlar bazarında əlverişli vergi mühitinin formalaşdırılması məqsədilə təkliflərin hazırlanması vətəqdim edilməsi 2012 - 2013 MN,VN, QKDK

4.  Maliyyə şəffaflığı prinsiplərinin və korporativ idarəetmənin tətbiqinin genişləndirilməsi
 
4.1. Dövlət müəssisələrində və özəl sektorda maliyyəhesabatlığı təcrübəsinin inkişaf etdirilməsi, milli vəbeynəlxalq maliyyə hesabatlığı standartlarının tətbiqinin təmin olunması 2011 - 2014 MN
4.2. Dövlət müəssisələrində və özəl sektorda korporativ idarəetmə standartlarının tətbiqinin genişləndirilməsi 2011 - 2014 İİN,QKDK,ƏMDK
4.3. Qiymətli kağızlar bazarında audit işinin təkmilləşdirilməsi, audit şirkətlərinə dair xüsusi tənzimləyici tələblərin müəyyən edilməsi 2014 QKDK,AP
4.4. Qiymətli kağızlar bazarında məlumatların dəqiq, dolğun və vaxtında açıqlanması sisteminin yaradılması və avtomatlaşdırılması 2012 - 2014 QKDK
4.5. Reytinq agentliklərinin fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması, onların fəaliyyətinin təşviq edilməsi 2016 - 2018 QKDK

5. Qiymətli kağızlar bazarına dair normativ hüquqi bazanın təkmilləşdirilməsi
 
5.1. Qiymətli kağızlar bazarı haqqında mütərəqqi beynəlxalq təcrübəyə uyğun yeni qanun layihəsinin hazırlanması və təqdim edilməsi 2011 - 2012 QKDK, ƏN,ƏMDK
5.2. Qiymətli kağızların optimal buraxılış və qeydiyyat sisteminin yaradılması, qiymətli kağızların beynəlxalq nömrələnməsi (İSİN kodlar) sisteminin tətbiqi 2013 QKDK
5.3. Qiymətli kağızların ilkin və təkrar bazarda ədalətli bazar dəyərinin formalaşmasını təmin edən hüquqi və tənzimləyici tələblərin müəyyən edilməsi və tətbiqi 2013 QKDK
5.4. İnvestorların hüquqlarının səmərəli müdafiəsi sisteminin yaradılması 2012 - 2014 QKDK
5.5. Qiymətli kağızlar bazarında hüquqpozmalar üzrə təsir mexanizmlərinin, cərimə və sanksiyaların beynəlxalq standartlar əsasında təkmilləşdirilməsi 2014 QKDK, ƏN
5.6. Qiymətli kağızlar bazarı iştirakçılarının müflisləşməsiprosedurlarının beynəlxalq təcrübəyə uyğunlaşdırılması 2015 QKDK, ƏN
5.7. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin lisenziyalaşdırılması prosedurlarının beynəlxalq təcrübəyə uyğunlaşdırılması 2012 QKDK,İİN
5.8. Maliyyə vasitəçiləri, fond birjası, depozitar və klirinq-hesablaşma təsisatlarına dair adekvat kapital tələblərinin müəyyən edilməsi və tətbiqi 2013 QKDK
5.9. Maliyyə vasitəçiləri, fond birjası, depozitar və klirinq-hesablaşma təsisatlarında risklərin idarə edilməsi sistemlərinə dair prudensial tələblərin müəyyən edilməsi və tətbiqi 2014 QKDK
5.10. Maliyyə vasitəçiləri, fond birjası, depozitar və klirinq-hesablaşma təsisatlarının prudensial hesabatlıq sisteminin yaradılması və avtomatlaşdırılması 2014 QKDK
5.11. Qiymətli kağızlar bazarına dair elektron nəzarət-hesabatlıq sisteminin yaradılması 2015 QKDK,RİTN
5.12. QKDK-da sistem risklərinin müəyyən edilməsi və səmərəli idarəolunması sisteminin yaradılması 2016 - 2018 QKDK

6. Qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi
 
6.1. QKDK-nın təşkilati-funksional cəhətdən gücləndirilməsi və kadr potensialının inkişaf etdirilməsi mütəmadi QKDK
6.2. QKDK yanında ixtisasartırma kurslarının potensialının gücləndirilməsi, təlim proqramlarının təkmilləşdirilməsi və səmərəliliyinin təmin edilməsi mütəmadi QKDK
6.3. Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları üçün ixtisaslaşmış təlim proqramlarının həyata keçirilməsi mütəmadi QKDK
6.4. Kapital bazarlarına dair sertifikat proqramlarının təşkil edilməsi mütəmadi QKDK
6.5. Şirkətlərin kapital bazarlarına çıxış üçün hazırlanması, bu sahədə məsləhət xidmətlərinin göstərilməsi mütəmadi QKDK,İİN
6.6. Şirkətlərin motivasiya mexanizmlərində qiymətli kağızların istifadəsinin təşviq edilməsi və tətbiqinə yardım göstərilməsi mütəmadi QKDK,İİN
6.7. Orta və ali təhsil müəssisələrində qiymətli kağızlar bazarına dair biliklərin tədrisinin təmin edilməsi mütəmadi TN,QKDK
6.8. Kapital bazarları haqqında biliklərin müxtəlif nəşrlər, elektron və yazılı media ilə yayılmasının təmin edilməsi mütəmadi QKDK,MB, MN,RİTN
6.9. Qiymətli kağızlar bazarı haqqında mütəmadi müsabiqə, yarış və sorğuların keçirilməsi mütəmadi QKDK
6.10. Azərbaycan kapital bazarlarının imkanlarına dair yerli və beynəlxalq konfransların, seminarların və müşavirələrin təşkili mütəmadi QKDK,İİN, MN

Renkinq
"Paşa Kapital İnvestisiya Şirkəti" QSC
273,302,580.29
"AzFinance İnvestisiya Şirkəti" QSC
172,707,244.97
"Unicapital İnvestisiya Şirkəti" ASC
163,161,998.85
"İnvest-Az İnvestisiya Şirkəti" QSC
161,895,377.75
"PSG Kapital İnvestisiya Şirkəti" QSC
26,963,900.16
"Kapital Menecment İnvestisiya Şirkəti" ASC
13,037,956.87
Ətraflı