BİZİMLƏ ƏLAQƏ
A)
aidiyyəti şəxs- Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1. maddəsinə əsasən müəyyənləşdirilən şəxslərdir
anderraytinq – emitentin və ya üçüncü şəxslərin xeyrinə qiymətli kağızların kütləvi təklifi və yerləşdirilməsi üzrə investisiya xidmətidir
adlı qiymətli kağızlar- Mülkiyyətçisinin adı üzərində təsbit edilən və ya mülkiyyət hüququ mərkəzi depozitarda qeydiyyata alınmış qiymətli kağızlardır
adsız qiymətli kağızlar- Qiymətli kağız o halda adsız sayılır ki, ona əsasən emitent öhdəliyi bu qiymətli kağızı təqdim edən istənilən şəxsə icra etməyi öz üzərinə götürür
açıq mövqe – əqdin bağlanıldığı ticarət günü ilə əqdin icra olunması anınadək mövcud olan mövqedir

B)
benefisiar – pul vəsaiti və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxs, habelə xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi şəxsin əsl sahibi və ya müştəriyə nəzarəti həyata keçirən fiziki şəxslərdir
Birja əqdi- Birja ticarətinin iştirakçıları arasında bağlanılmış müqavilədir
Baza aktivi- qiymətli kağız, valyuta, faiz dərəcələri, gəlirlilik, törəmə maliyyə alətləri, əmtəə, maliyyə indeksi, kredit riskləri və s.

D)
depo hesabı – mərkəzi depozitarın üzvünün müraciəti əsasında müştəri üçün mərkəzi depozitarda açılmış və özündə müştərinin qiymətli kağızlarına olan hüquqlara dair qeydləri əks etdirən hesablardır
depo hesabı müqaviləsi-depozitarla deponent arasında bağanıb onların depozitar fəaliyyəti ilə əlaqədar münasibətlərini tənzimləyən müqavilədir
depo hesabından çıxarış- depozitar tərəfindən hesab sahibinə təqdim edilən və depo hesab sahibinin deppo hesabda olan qiymətli kağızlar üzrə mülkiyyət hüququnu təsdiqləyən hüquqi sənəddir
Dövlət qiymətli kağızları- Dövlət qiymətli kağızları müvafiq icra hakimiyyəti orqanı və müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı tərəfindən buraxılan qiymətli kağızlardır
depozitar qəbzi- baza aktivi (xarici emitentin qiymətli kağızı) üzrə hüquqları təsdiqləyən və mülkiyyətçisinə onu buraxmış emitentdən, həmin qəbzin baza aktivi olan xarici emitentin qiymətli kağızları və onlarla təsdiqlənmiş hüquqları tələb etmək hüququ verən qiymətli kağızdır
depozitar fəaliyyəti- qiymətli kağızların saxlanması və onlara hüquqların, habelə öhdəliklərlə yüklənməsi faktlarının uçotu və təsdiq edilməsi üzrə xidmətlərin göstərilməsi üzrə Mərkəzi depozitarın peşəkar fəaliyyətidir
depozitar sistemi- qiymətli kağızların sənədsizləşdirilməsi, saxlanılması, uçotu, onlarla təsbit edilmiş hüquqların təsdiqi, öhdəliklərlə yüklənməsi, qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotunun aparılması, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada pul hesablarının açılması, həmin hesablar üzrə əməliyyatlar aparılması və pul köçürmələrinin həyata keçirilməsi ilə əlaqədar mərkəzi depozitar və onun üzvləri arasında olan münasibətlər sistemidir
daşınmaz əmlakın sertifikatı- fiziki və hüquqi şəxslər arasında yerləşdirilən, mülkiyyətçilərinə buraxılış şərtlərində müəyyən olunan şərtlərə əməl etdikləri təqdirdə, emitentdən tikintisi (yenidən qurulması) bu qiymətli kağızların yerləşdirilməsindən alınan vəsait hesabına maliyyələşdirilən binaların (mənzillərin, qeyri-yaşayış sahələrinin) onların mülkiyyətinə verilməsi yolu ilə ödənilməsini tələb etmək hüququ verən qiymətli kağızdır

E)
emitent – investisiya qiymətli kağızlarının emissiyasını “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci fəsli ilə müəyyən edilmiş qaydada həyata keçirən şəxs, dövlət (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyələrdir. Emitent buraxdığı qiymətli kağızların mülkiyyətçisi deyildir

F)
fond birjasının listinqi– fond birjasının daxili qaydaları ilə müəyyən edilmiş tələblərə əsasən fond birjasında ticarətə qəbul edilən qiymətli kağızların siyahısıdır
fond birjası- fond birjası fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti tənzimlənən bazarların təşkili və idarə edilməsi olan, səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir
fond birjası fəaliyyəti- “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Fond Birjasının vəzifələrinin həyata keçirilməsi və qiymətli kağızların, törəmə maliyyə alətlərinin tənzimlənən bazarlarda ticarətinin təşkili üzrə peşəkar fəaliyyətdir
fond birjasının üzvləri- fond birjasının daxili qaydalarına uyğun olaraq birja ticarətində bilavasitə iştirak etmək hüququna malik olan investisiya şirkətləridir
Fyuçers- baza aktivinin müəyyənləşdirilmiş növdə və sayda əvvəlcədən razılaşdırılmış tarixə və qiymətə alğı-satqısı üzrə törəmə maliyyə alətidir

G)
girov kağızı- girov qoyanla, o borclu deyilsə, həm də borclu ilə girov saxlayan arasında əmlakın və hüquqların girova qoyulmasını və bundan irəli gələn hüquq və öhdəlikləri təsbit edən adlı qiymətli kağızdır
girov predmeti, girovqoyan, girovsaxlayan (marja ticarəti üzrə)- marja ticarəti investisiya şirkətinin investora verdiyi borc vəsaitləri hesabına həyata keçirildikdə, bu vəsaitlər hesabına alınan aktivlər həmin borcun təminatı kimi girov predmeti, investisiya şirkəti girovsaxlayan, investor isə girovqoyan hesab edilir

H)
Hüquq sahibi- Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq öz adından və öz marağı və ya dövlətin marağı ilə qiymətli kağızlara sahib olan şəxsdir
hesablaşma– qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə əqdlər üzrə tərəflərin qarşılıqlı öhdəliklərinin icra edilməsidir
hesablaşma müddəti – əqdin bağlanıldığı ticarət günü ilə nəzərdə tutulan hesablaşma günü arasındakı müddətdir

X)
Xəzinə vekseli- dövlət büdcəsindən ödənilməli olan vəsaitlərin məbləğini təsbit edən və ya qısa müddətə şəxslərdən sərbəst pul vəsaitlərinin cəlb edilməsi məqsədi ilə buraxılmış sadə vekseldir

İ)
investisiya şirkətləri- investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 30.3-cü və 30.4-cü maddələri ilə müəyyən edilmiş əsas və yardımçı investisiya xidmətlərinin göstərilməsi olan səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir
institusional investor – investisiya şirkətləri, investisiya fondları və onların idarəçiləri, əsas fəaliyyətini qiymətli kağızlara investisiyalar təşkil edən şəxslər, kredit təşkilatları, sığortaçılar, pensiya fondları və onların idarəçiləri, digər tənzimlənən maliyyə institutları, əmtəələrin və onlar üzrə törəmə alətlərin dilerləri, beynəlxalq maliyyə təşkilatları, dövlətlər, mərkəzi banklardır
investisiya məsləhəti – qiymətli kağızın və ya törəmə maliyyə alətinin alınması, satılması, abunə yazılışı, dəyişdirilməsi, geri alınması, saxlanılması və anderraytinqi və ya onunla bağlı hüquqların həyata keçirilib-keçirilməməsi ilə bağlı müştərilərə verilən məsləhətdir. Belə məsləhət kütləvi informasiya vasitələrində açıqlandıqda, investisiya şirkəti fəaliyyətindən fərqli peşə fəaliyyəti çərçivəsində əvəzsiz qaydada verildikdə və ya həmin məsələlərin sırf hüquqi aspektlərinə aid olduqda, investisiya məsləhəti sayılmır
investisiya tədqiqatı – ictimaiyyət üçün nəzərdə tutulan, birbaşa və ya dolayı yolla, bir və ya bir neçə qiymətli kağıza, törəmə maliyyə alətinə və ya onların emitentlərinə, həmin qiymətli kağızların və ya törəmə alətlərin cari və ya gələcək qiyməti daxil olmaqla investisiya strategiyasını tövsiyə və ya təklif edən tədqiqatdır
investor – qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alıcısı və ya onları almaq təklifini verən şəxsdir
investisiya şirkətinin filialı – hüquqi şəxs olmayan, investisiya şirkətinin olduğu yerdən kənarda yerləşən, investisiya şirkətinə icazə verilmiş investisiya xidmətlərinin hamısını və ya bir hissəsini həyata keçirə bilən investisiya şirkətinin ayrıca bölməsidir
investisiya şirkətinin nümayəndəliyi – hüquqi şəxs olmayan, investisiya şirkətinin olduğu yerdən kənarda yerləşən, investisiya xidmətləri göstərmək hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən investisiya şirkətinin ayrıca bölməsidir
investisiya qiymətli kağızları- buraxılışlarla yerləşdirilən və qiymətli kağızların əldə edilməsi vaxtından asılı olmayaraq bir buraxılış daxilində hüquqların həyata keçirilməsinin həcmi və müddəti eyni olan qiymətli kağızlardır. İnvestisiya qiymətli kağızlarına istiqraz və səhmlər daxildir
istiqraz- emitentin istiqraz mülkiyyətçisinə borclu olduğunu təsdiqləyən və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği ödənilən borc investisiya qiymətli kağızıdır
imtiyazlı səhm- adi səhmlərdən fərqli olaraq, imtiyazlı səhm sahibinə emitentin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq səhmin nominal dəyərinin sabit faizi şəklində dividend almasına təminat verən qiymətli kağızdır. Lakin imtiyazlı səhmlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində qeyd olunan hallar istisna olmaqla, digər hallarda sahibinə emitent şirkətin idarə edilməsində səs hüquqi vermir
investisiya qiymətli kağızlarının buraxılışı- emitentin bir növə aid olan, eyni dövlət qeydiyyat nömrəsinə və nominal dəyərə malik investisiya qiymətli kağızlarının toplusudur
ipoteka kağızı- mülkiyyətçisinə ipoteka müqaviləsində göstərilən, əmlakın ipotekası ilə təmin edilən başqa sübut və dəlillər təqdim etmədən pul və başqa öhdəliklərin mövcudluğunu və bu öhdəliklər üzrə icranın tələb edilməsi hüququnu və əmlakın ipotekası haqqında müqavilədə göstərilən girov hüququnu təsdiq edən adlı qiymətli kağızdır
ipoteka istiqrazları- ipoteka örtüyü ilə təmin olunmuş istiqrazlardır
ilkin marja- baza aktivinin alışı üçün əməliyyat dəyərinin müştəri tərəfindən investisiya şirkətinə nağd ödənilən minimum məbləğdir

Q)
qiymətli kağız- müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər
qiymətli kağızlar bazarı – qiymətli kağızların emissiyası, buraxılması, tədavülü, ödənilməsi, mülkiyyətçiliyi, saxlanılması, kompensasiyası, öhdəliklərlə yüklənməsi, dövlət tənzimlənməsi və digər əməliyyatların həyata keçirilməsi üzrə subyektlər arasında olan hüquqi və iqtisadi münasibətlərin məcmusudur
qiymətli kağızlarla əməliyyatlar üzrə pul hesabı – qiymətli kağızlarla əməliyyatlar üzrə pul qalıqlarını əks etdirən hesabdır
qiymətli kağızların hesabının idarə edilməsi – müştərinin aktivlərinin qorunması və saxlanılması üzrə investisiya şirkətinin həyata keçirdiyi yardımçı investisiya xidmətidir
qiymətli kağız mülkiyyətçilərinin reyestri- emitent, onun qiymətli kağızları, qiymətli kağız mülkiyyətçiləri və nominal saxlayıcılar barədə məlumat toplusudur
qiymətli kağızlar bazarının peşəkar iştirakçıları- “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən müəyyənləşdirilmiş fəaliyyətləri (fond birjası, depozitar, klirinq, investisiya fəaliyyətlərini) həyata keçirən şəxslərdir
qiymətli kağızlar buraxılışı (emissiyası)- emitentin qiymətli kağızların bir növünə aid olan və eyni dövlət qeydiyyat nömrəsi olan qiymətli kağızlarının toplusudur
qiymətli kağızların ötürülməsi- qiymətli kağızların bir deponentin depo hesabından digər deponentin depo hesabına və ya qiymətli kağızların depo hesabının bir bölməsindən digər bölməsinə köçürülməsi üzrə əməliyyatdır
qiymətli kağızların birləşdirilməsi- bir növdən olan bütün qiymətli kağızların bir buraxılış daxilində bütün mülkiyyətçilərdə olan qiymətli kağızların sayının mütənasib azaldılması yolu ilə dəyişdirilməsidir. Qiymətli kağızların nominal dəyəri olduqda, onların birləşdirilməsi nominal dəyərin mütənasib artırılması ilə müşayiət olunur
qiymətli kağızların konvertasiyası- bir emitentin bir növ investisiya qiymətli kağızların digər növlü investisiya qiymətli kağızlara və ya digər emitentin qiymətli kağızlarına (həmin emitent yenidən təşkil edildikdə) əvəzsiz dəyişdirilməsidir (səhmin istiqraza dəyişdirilməsi istisna olmaqla). Bu zaman dəyişdirilmiş qiymətli kağızlar ləğv olunur
qiymətli kağızların xırdalanması (bölünməsi)- bir qiymətli kağızın nominal dəyərinin mütənasib bölünməsi yolu ilə eyni növlü bir neçə qiymətli kağıza çevrilməsidir
Qiymətli kağızların dövriyyədən çıxarılması- Azərbaycan Respublikasının müvafiq qanunvericiliklərində müəyyənləşdirilmiş halların baş verməsi nəticəsində qiymətli kağızların dövriyyədən çıxarılması ilə əlaqədar məlumatın dərc olunduğu gündən etibarən həmin qiymətli kağızlar üzrə ticarətin dayandırılmasıdır
Qiymətli kağızların tədavülü- yerləşdirmədən sonra qiymətli kağızlarla mülki-hüquqi əqdlərin bağlanması nəticəsində mülkiyyət hüquqlarının keçməsi və qeydiyyatı prosesidir

K)
klirinq fəaliyyəti– klirinq prosesinin iştirakçılarının qarşılıqlı öhdəliklərinin müəyyən edilməsi məqsədi ilə məlumatların toplanması, yoxlanılması, tutuşdurulması, mövqelərin nettinqi, öhdəliklərin sıralanması və tələblərin əvəzləşdirilməsi fəaliyyətidir

M)
mərkəzi depozitar- üzvləri olan investisiya şirkətləri və investisiya fondunun depozitarları ilə birlikdə depozitar sistemini təşkil edir və bu sistemin mərkəzi institutudur
maliyyə monitorinqi orqanı – “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu cür müəyyən edilmiş orqandır
maliyyə tədqiqatçısı – investisiya tədqiqatını hazırlayan şəxsdir
marketmeyker – qiymətli kağızlar bazarında mütəmadi olaraq öz hesabına və fond birjası ilə razılaşdırılmış qiymət dəhlizi çərçivəsində özünün müəyyənləşdirdiyi qiymətlərlə qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alqı-satqısını həyata keçirən şəxsdir
mühüm iştirak payı – səhmdar cəmiyyətinin nizamnamə kapitalının 10 və ya daha çox faizini təşkil edən səhmlərə birbaşa və ya dolayı yolla sahiblik, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmə imkanıdır
müştəri – qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə xidmətlərin alınmasına dair müqavilə bağlamış fiziki və ya hüquqi şəxsdir
marja ticarəti- investora baza aktivi (qiymətli kağız, valyuta, faiz dərəcələri, gəlirlilik, törəmə maliyyə alətləri, əmtəə, maliyyə indeksi, kredit riskləri və s.) və ya bu baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsinin öz vəsaiti və ya borc vəsaitləri ilə alınıb sonradan satılmasının təşkili üzrə investisiya xidmətidir (əməliyyatıdır)
marja çağırışı- bu Qaydalarla müəyyən edilmiş təminat marjasının minimum həddinə çatdırılması məqsədilə əlavə pul vəsaitinin qoyulması barədə investisiya şirkəti tərəfindən müştəriyə edilən tələbdir
mərkəzi kontragent – müqavilə əsasında tərəflərin qarşılıqlı hüquq və vəzifələrini öz üzərinə götürməklə hər satıcı üçün alıcı və hər alıcı üçün satıcı kimi çıxış edən klirinq təşkilatıdır
Milli Depozit Mərkəzi- depozitar sistemini idarə edən Mərkəzi depozitardır. Mərkəzi depozitar olan Milli Depozit Mərkəzi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təsis etdiyi qeyri-kommersiya hüquqi şəxsdir

N)
nettinq– klirinq üzvlərinin digər üzvlərə göndərdiyi və ya onlardan aldığı köçürmə sifarişlərindən irəli gələn tələb və öhdəliklərin bir xalis tələbə və ya öhdəliyə çevrilməsidir
nəzarət orqanı– qiymətli kağızlar bazarının dövlət tənzimlənməsini və nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır
nominal saxlayıcı- müqavilə və ya etibarnamə əsasında investorun tapşırığı ilə və onun xeyrinə qiymətli kağızlara dair hüquqları həyata keçirən, qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydə alınmış, qiymətli kağızların mülkiyyətçisi olmayan xarici depozitar və ya xarici investisiya şirkətidir

P)
portfelin idarə edilməsi– fərdi investorların verdiyi istiqamətlər üzrə bir və ya bir neçə qiymətli kağızdan və ya törəmə maliyyə alətlərindən ibarət portfeli investisiya şirkətinin idarə etməsi üzrə əsas investisiya xidməti;

O)
Opsion- sahibinə birtərəfli qaydada baza aktivini almaq, satmaq və ya svop etmək hüququnu verən törəmə maliyyə alətidir

R)
repo müqaviləsi– investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə satılmasıdır (alınması)

S)
Səhm- mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər
Sənədli qiymətli kağız-saxtalaşdırma imkanlarını aradan qaldırmaq məqsədi ilə xüsusi qaydada hazırlanmış kağız blanklarda (sertifikatda) çap edilmiş qiymətli kağız formasıdır
Sənədsiz qiymətli kağız- mülkiyyətçisinin adı və digər rekvizitləri mərkəzi depozitardakı yazıda əks olunmuş elektron sənəd formasında olan qiymətli kağızdır. Elektron sənəd haqqında qanunvericilik sənədsiz qiymətli kağızlara tətbiq edilmir
Svop- iki tərəf arasında eyni növ baza aktivlərinin dəyişdirilməsi üzrə törəmə maliyyə alətidir

T)
tənzimlənən bazar– fond birjasının daxili qaydalarına uyğun olaraq ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə üçüncü şəxslərin alğı-satqı maraqlarını özündə əks etdirən fond birjası tərəfindən təşkil və idarə olunan sistemdir
törəmə maliyyə alətləri- hər hansı baza aktivini almaq, satmaq və ya dəyişdirmək hüququnu təsbit edən müqavilədir. Baza aktivi qismində qiymətli kağız, valyuta, faiz dərəcəsi, gəlirlik, törəmə maliyyə aləti, əmtəə, maliyyə indeksi, kredit riski və s. çıxış edə bilər
təminat marjası- baza aktivinin alışından sonra müştəri tərəfindən investisiya şirkətinə ödənilən və ticarət gününün sonuna yekun qiymətə uyğun olaraq baza aktivinin cari bazar dəyərinin faizlə hesablanan minimum məbləğdir

V)
vahid məlumat resursu – bu Qanunun 9-cu fəsli ilə açıqlanması nəzərdə tutulan məlumatların dərc edildiyi, ictimaiyyət üçün açıq olan və nəzarət orqanı tərəfindən yaradılan avtomatlaşdırılmış sistemdir
veksel- adlı qiymətli kağızlardır, veksel verən onların vasitəsilə müəyyən şəxsə müəyyən məbləğ ödəmək barəsində başqa şəxsə (ödəyiciyə) göstəriş verir (köçürmə vekseli) və ya hər hansı müəyyən şəxsə və ya bu şəxsin sərəncamına müəyyən məbləğ ödəməyi öhdəsinə götürür (sadə veksel)
vətəndaş qüsursuzluğu tələbi – mühüm iştirak payının sahibi, o, hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri üçün – qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması; investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və mərkəzi depozitarın müşahidə şurasının və icra orqanının üzvləri, ləğvedicisi üçün – məhkumluğun olmaması, mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmağına məhkəmə qərarı ilə qadağa qoyulmamasıdır

Ö)
ödənişə qarşı çatdırılma – qiymətli kağızların alış qiymətinin tam ödənilməsi qarşılığında satıcının alıcıya və ya onun nümayəndəsinə qiymətli kağızların çatdırılmasının təmin edilməsi üzrə razılaşmanı ifadə edən prinsipdir

Renkinq
"Unicapital İnvestisiya Şirkəti" ASC
347,886,717.00
"Paşa Kapital İnvestisiya Şirkəti" QSC
333,564,117.33
"İnvest-Az İnvestisiya Şirkəti" QSC
241,321,836.79
"AzFinance İnvestisiya Şirkəti" QSC
223,317,666.16
"PSG Kapital İnvestisiya Şirkəti" QSC
6,829,289.74
"Kapital Menecment İnvestisiya Şirkəti" ASC
4,882,972.35
Ətraflı