BİZİMLƏ ƏLAQƏ
Ümumi Məlumat

Azərbaycan Kapital Bazarları

 
2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramının əsas məqsədi qiymətli kağızlar bazarının təkminləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır.
Ölkə rəhbərliyi iqtisadiyyatın inkişafının qeyri-neft sektoru üzərində qurulmasına yönələn düşünülmüş strategiya həyata keçirərək  neft hasilatının bilərəkdən sabit tepmdə saxlanılmasına, bununla da ehtiyatların gələcək nəsillər üçün qorunmasına, əvəzində qeyri-neft sektorunda inkişaf tempini daha da sürətləndirməyə yönələn siyasət aparır. Azərbaycan prezidenti 2012-ci ilin əvvəlində hökumət qarşısında yaxın 10 ildə ÜDM-in iki dəfə artması vəzifəsini qoyub. Bu artım qeyri-neft sektorunun hesabına təmin ediməlidir. Proqnozlara görə yaxın 3 ildə qeyri-neft sektoru üzrə ÜDM-in artımı orta hesabla ildə 8 faiz təşkil edəcək. Azərbaycanda iqtisadiyyatın diversifikasiyasına hesablanmış uğurlu iqtisadi siyasət 2015-ci ildə neft sektorunun ÜDM-də payının 2010-cu ildəki 48,5 faizdən 29,3 faizə qədər azalmasına gətirib çıxaracaq. Nəticədə qeyri-neft sektorunun ÜDM-də payı 2015-ci ildə 44,4 faizdən 61,3 faizə çatacaq. Bu gün Azərbaycan iqtisadiyyatı ümumilikdə Cənubi Qafqaz iqtisadiyyatının 75-80 faizini təşkil edir.

Fond Birjaları
 
Dünya fond bazarında ilə nisbətdə Azərbaycan fond bazarı daha yaxşı diversifikasiya imkanları təmin edir. Azərbaycanın siyasi və maliyyə sabitliyi, eləcə də artan iqtisadi artım daha az riskli və daha əlverişli investisiya etməyə imkan yaradır. Azərbaycan iqtisadiyyatına son 15 ildə yatırılmış investisiyaların həcmi 100 milyard dollardan çoxdur. Bunun əhəmiyyətli hissəsini daxili investisiyalar təşkil edir. Lakin indi Azərbaycan kənarda irihəcmli investisiyalar yatıran ölkədir. Eyni zamanda Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilməkdədir. Son bir neçə ildə Azərbaycan həm dövlət, həm özəl sektor xəttiylə Rusiya, Belarus, Ukrayna, Moldova, Gürcüstan və Türkiyə də daxil olmaqla bir çox ölkələrə irihəcmli investisiyalar yatırıb. Xarici dövlətlərə investisiya yatırımı əsas etibarilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) vasitəsilə həyata keçirilir . Azərbaycan sahibkarları tərəfindən təkcə Türkiyəyə yatırılan investisiyalar 5 mlrd. dollar həcmindədir. ARDNŞ tərəfindən hazırda bu ölkəyə milyardlarla dollar iri yatırımlar da qoyulmaqdadır. Azərbaycan dövləti qonşu Gürcüstanın iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdən biridir, bu ölkənin enerji, neft-qaz sektorunda aparıcı mövqeyə malikdir. Məsələn, hazırda Gürcüstanda pərakəndə neft məhsulları satışı bazarının 75 faizi ARDNŞ-in nəzarətindədir. Qaz satışı bazarındakı pay isə 90 faizə çatır.
Azərbaycanın investisiya yatırdığı ölkələrin coğrafiyası da sürətlə genişlənir. ARDNŞ xətti ilə İsveçrəyə, Birləşmiş Ərəb Əmirliklərinə, Qırğızıstana irihəcmli investisiyalar qoyulur. Həmçinin özəl sektor Şərqi Avropa, Qərbi Avropa və Balkan yarımadası ölkələrinin tikinti, turizm, daşınmaz əmlak bazarlarında özünə yer tutmaqdadır. Azərbaycan son illər strateji iqtisadi maraqlarının olduğu region ölkələrinə dəfələrlə irihəcmli kreditlər də ayırıb. Bütün bu iqtisadi uğurların nəticəsində Azərbaycan həm regionda lider dövlət mövqeyini möhkəmləndirir, eyni zamanda bölgədən kənarda da söz sahibi ölkəyə çevrilir.  Hazırda Azərbaycan öz güclü iqtisadiyyatı sayəsində Avropa və Asiyanı birləşdirən Böyük İpək Yolu dəhlizinin ən önəmli ölkələrindən biridir.

Ümumi Daxili Məhsulun Artım Tempi
 
1995-ci ildən etibarən Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) davamlı olaraq artması tendensiyası başlayıb. Dövlət Statistika Komitəsinin makroiqtisadi göstəricilərə dair məlumatlarına əsasən 1995-2003-cü illər ərzində ÜDM-in orta illik artımı 9 faiz, adambaşına düşən ÜDM 3 dəfə, orta aylıq əməkhaqqı isə 5,3 dəfə artıb. Xarici investisiya qoyuluşları 10 dəfə, daxili investisiyalar 5 dəfə, büdcə gəlirləri 3 dəfə artıb, büdcənin defisiti minimum həddə enib. Özəl sektorun ÜDM-dəki payı da 2003-cü ilə qədər 73 faizə qədər artıb. Rəsmi statistik göstəricilərə görə, 2004-2011-ci illərdə Azərbaycanda ÜDM bir qədər də yüksələrək orta hesabla 14 faiz, o cümlədən qeyri-neft sektoru üzrə ÜDM 9 faiz artıb. Bu müddət ərzində ölkədə adambaşına düşən ÜDM 5 dəfə, ÜDM-də özəl sektorun payı isə 81,7 faizədək artıb. Xarici borcun ÜDM-ə olan nisbəti 2003-cü ildəki 18 faizdən mövcud 7 faizə kimi aşağı düşüb. Strateji valyuta ehtiyatları 40 milyard dolları ötüb ki, bu da xarici borc həcmindən 8 dəfə çoxdur. Bu dövrdə Azərbaycana qoyulan investisiyalar 2,4 dəfə artıb, bunların 1,5 faizi xarici, 5,5 faizi daxili qoyulan investisiyadır. Həmin dövrdə büdcənin gəlirləri hər il orta hesabla 24 faiz artıb, büdcənin defisiti hazırda 1 faizdən aşağı səviyyədədir. Həmçinin son iki ildə Azərbaycanda qeyri-neft sektoru üzrə ÜDM-in neft sektoru üzrə ÜDM-ə nisbətdə artım tendensiyası müşahidə olunur. Ölkə prezidenti öz çıxışlarında bu tendensiyasının qorunmasını dəfələrlə vurğulamış və bunu hökumətin qarşısında strateji vəzifə kimi qoymuşdur. Məhz ölkəyə böyük neft gəlirlərinin daxil olması ilə paralel həyata keçirilən iqtisadi islahatlar, neft pullarının effektiv idarə edilməsi və yönləndirilməsi sayəsində Azərbaycanı 2005-2007-ci illərdə ÜDM-in illik artım templərinə görə dünya liderləri sırasına çıxarmışdı: ölkədə 2005-ci ildə 26,4 faizlik, 2006-cı ildə rekord 34,5 faizlik, 2007-ci ildə isə 25 faizlik ÜDM artımı qeydə alındı. 2008-ci ildə dünyanı bürümüş olan maliyyə-iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı geriləməyən çox azsaylı ölkələrdən biri idi. Həmin il ÜDM-in 10,8 faiz artımı baş vermişdi.

İqtisadi İslahatlar və Sürətli İnkişaf
 
Azərbaycan XXI əsrin əvvəllərindən başlayaraq yerləşdiyi bölgənin və post sovet məkanının iqtisadi baxımdan ən sürətli, dinamik inkişaf edən ölkəsinə çevrilib. Bir tərəfdən ölkənin zəngin neft-qaz resurslarının dünya bazarlarına nəqlinə imkan verən layihələrin reallaşması, bunun nəticəsində Azərbaycanın gəlirlərinin sürətlə artması, digər tərəfdən isə bu gəlirlərin effektiv şəkildə idarə edilməsinə və iqtisadiyyatın diversifikasiyana yönəlmiş ardıcıl islahatların həyata keçirilməsi çox keçmədən öz nəticələrini verib. Ölkənin valyuta ehtiyatlarının həcmi 2012-ci ilin əvvəllərinə olan məlumatlara əsasən 40 milyard dolları keçib. Eyni zamanda iqtisadiyyatda qeyri-neft sektorunun çəkisi də davamlı şəkildə artıb və Azərbaycan iqtisadiyyatının neftdən asılılığı riski ortadan qalxıb. Bir çox yerli və xarici ekspertlər tərəfindən Azərbaycana böyük neft gəlirlərinin daxil olmağa başlamasından sonra iqtisadiyyatda “Holland sindromu”nun yaşana biləcəyinə dair irəli sürülən proqnozlar boşa çıxıb. Hazırda Azərbaycan xarici investisiyalara ehtiyacı olan ölkədən yerləşdiyi regionda və ondan kənarda irihəcmli investisiyalar yatıran ölkəyə çevrilib.

Ölkə beynəlxalq iqtisadi hesabatlarda
 
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafına yönələn uğurlu iqtisadi siyasət nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də qeyd edilib. Azərbaycan 2009-cu ildə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hər il hazırlanan «Doing Business» reytinqinə görə dünya dövlətləri arasında biznesin aparılması sahəsində ən uğurlu nəticələrə nail olmuş ölkələrdən biri kimi tanınıb. Hesabatın hazırlandığı 10 əsas qiymətləndirmə istiqamətlərindən 7-si üzrə Azərbaycan əhəmiyyətli artıma nail olub və «Doing Business-2008» hesabatı ilə müqayisədə «Doing Business-2009»da mövqelərini digər dövlətlərə nisbətən görünməmiş templərlə yaxşılaşdırıb. Hesabata əsasən Azərbaycan iqtisadi islahatlar həyata keçirən ölkələr arasında lider olub. Dünyanın nüfuzlu qurumlarından olan Dünya İqtisadi Forumunun (WEF - World Economic Forum) 2011-2012-ci illər üçün dünyanın 142 ölkəsini əhatə edən iqtisadi rəqabətlilik reytinqində də Azərbaycan keçmiş sovet respublikaları arasında ən öndə gedən ölkələrdən biridir. Bu reytinqdə Azərbaycan 2010-cu illə müqayisədə 2 pillə irəliləyərək, 55-ci sırada qərarlaşıb, keçmiş Sovet respublikaları arasında Estoniya və Litvadan sonra 3-cü, MDB və region ölkələri arasında isə ilk sırada yer alıb. Dünya İqtisadi Forumu ölkələrinin iqtisadi rəqabətlilik reytinqini bazar institutlarının yetkinliyi, infrastrukturun inkişafı, makroiqtisadi sabitlik, texnoloji inkişaf, təhsil və səhiyyənin səviyyəsi və digər meyarlar üzrə araşdırır.

Renkinq
"Paşa Kapital İnvestisiya Şirkəti" QSC
273,302,580.29
"AzFinance İnvestisiya Şirkəti" QSC
172,707,244.97
"Unicapital İnvestisiya Şirkəti" ASC
163,161,998.85
"İnvest-Az İnvestisiya Şirkəti" QSC
161,895,377.75
"PSG Kapital İnvestisiya Şirkəti" QSC
26,963,900.16
"Kapital Menecment İnvestisiya Şirkəti" ASC
13,037,956.87
Ətraflı